sheffaf.az
sheffaf.az

“Sponsor şərt qoyur ki, sənə bunları edəcəm…” – Yaşar Nurinin qızı

14-05-2020, 17:33

“Sponsor şərt qoyur ki, sənə bunları edəcəm…” – Yaşar Nurinin qızı

DTX-nın Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat sənət adamlarıyla bağlı problemləri yenidən aktuallaşdırıb. Səsi, musiqi zövqü olmayan, amma imkanlı sponsorları olan ayrı-ayrı müğənnilərin fəaliyyəti son günlər təftiş olunmaqdadır. Yenisabah.az mövzuyla bağlı mərhum Xalq artisti Yaşar Nurinin müğənni qızı Ülkər Nuriyeva ilə söhbətləşib.

- Ülkər xanım, iddia olunur ki, mərhum atanız yaşasaydı, sizin səhnəyə çıxmağınıza icazə verməzdi. Hətta sizin sənətə gec gəlməyinizi də bununla əlaqələndirirlər. Deyilənlərlə razısınızmı?

- Sənətə gec gəlməyimin səbəbi bu deyil. Deyilən fikirlərlə razı deyiləm. Məsələnin onunla heç bir əlaqəsi yoxdur, sənətə gec gəlməyimin səbəbi, özümdə bu potensialı gec aşkarlamağımdır. Həm də atam sağ olanda heç bu barədə düşünmürdüm axı. Səkkiz, doqquz il bundan əvvəl heç müğənni olmaq istəmirdim. Əslində, mən müğənni kimi fəaliyyətə başlamamışdım. Mən prodüsser kimi işləyirdim, qrupla çalışırdım. Sadəcə, vəziyyət elə gətirdi ki, məclislərin birində bir mahnı istənildi, həmin mahnı da rus dilində olduğu üçün qrup uşaqları onu ifa edə bilmədilər. Onda mənə dedilər ki, “Ulya, bu mahnını bilirsən, sən oxu”. Elə həmin vaxtdan iki-üç dəfə oxudum, sonra başladım oxumağa. Həmin hadisədən sonra başa düşdüm ki, məndə bu potensial var və mən bunu inkişaf etdirməliyəm. O vaxtdan özümü inkişaf etdirməyə başladım və bu gün müğənni kimi tanınıram.

- Bəs karantin müddətində də öz üzərinizdə işləyirsinizmi? Nəsə bir yenilik varmı?

- Bütün dünyada olduğu kimi biz də evdəyik. Amma karantin rejimində də boş dayanmıram. Yeni mahnım da var, İnşallah, esklüziv olaraq mənim ifamda gələcək. Bir xanım bəstəkarımızdandır, adını hələ çəkmək istəmirəm. Əvvəlcədən danışmaq mənə düşmür, gözə gəlirəm. Mahnı çıxanda izləyicilərimə xəbər verəcəyəm, hazırda onun üzərində işləyirəm. Bütün günü evdə oluram, bağıma gedirəm, dövlət başçımız sağ olsun, bizə bu qədər qayğı göstərir, sağlamlığımız üçün çalışır. Şükür ki, hər şey yaxşıdır, bundan sonra da daha yaxşı olar.

- Müğənnilərin adı ətrafında həmişə müxtəlif söz-söhbətlər dolaşır. Sözsüz ki, siz də bundan xəbərdar idiniz. Haqqınızda müxtəlif şayiələrin yayılacağını bildiyiniz halda sənətə gəlməyə qərar vermək çətin olmadı ki?

- Bilirsiniz, mən qalmaqal yaşayan müğənniləri görürəm, bəzən reytinq xətrinə bir-birləri ilə qəsdən dava edirlər. Canlı yayım açıb, çıxıb gic-gic danışırlar. Yəni kim əvvəldən özünü necə tanıdırsa, elə də davam edir. Mən bu gün özümü başqa tərəfdən tanıtsam, insanların yaddaşında elə qalacağam. Mən elə sanballı ailədən çıxmışam ki, çalışıram, hər zaman elə şeylərdən uzaq olam. Mən sosial şəbəkələrdə canlı yayım açanda da izləyicilərimlə normal söhbət edib, müzakirə aparırıq, faydalı şeylərdən danışırıq. Mənim ətrafımda artıq-əskik söhbətlər olmur, çünki özümü heç vaxt o səviyyəyə çatdırmıram. Hər zaman fikir verirəm ki, sosial şəbəkədə fotolarımın altına xoş sözlər yazırlar, bəzən bir-iki ağzıgöyçək olur nəsə yazır, mən heç onları adam yerinə də qoymuram. Həm də bir insanı hamı sevə bilməz ki. Adamı beşi istəyəndə, üçü istəmir. Mənə desələr ki, reytinq xətrinə kimləsə qalmaqal yaşa, filan heç vaxt qəbul etmərəm. Bir məsələ də var ki, istər şou-biznes əhli istər, başqa təbəqənin insanı olsun, onlar mənim atamı o qədər çox sevirlər ki, özləri heç mənlə qalmaqal yaratmazlar. Çünki məni, mənim ailəmi çox istəyirlər, harda müğənnilərlə bir-birimizi görsək öpüşüb-görüşürük, reytinq xətrinə onlarla dalaşmaq bizə yaraşmaz. Ondansa oxuduğum mahnılarla, lap rəqsimlə gündəmə gələrəm. Yəni incəsənətə aid olan şeylərlə gündəmə gəlməyi üstün tuturam. Mənasız, səviyyəsiz mahnılarla, səviyyəsiz rəqslərlə gündəmdə olmaq mənlik deyil.

- Amma razılaşaq ki, siz də bu söz-söhbətdən sığortalanmadınız. Öz sözünüzdür: “Deyirlər ki, Yaşar Nurinin qızını saxlayan var”. Belə söhbətlər əl-qolunuzu soyutmur ki?

- Yox, qətiyyən. Əksinə deyirəm ki, qoy yalandırsa doğru olsun (gülür). Yadınızda saxlayın, heç bir sponsor, kiməsə təmənnasız heç nə etmir. Bayaq Nanə xanımın verilişində idim, söhbət etdik. Neçə illərdir mən o xanımı tanıyıram, tez-tez görüşməsək belə o insanla bir ruh bağlılığım var. Hər zaman mənə dəstək olub, verilişinə çağırıb, yeni ifalarımı təqdim etməyimi istəyib. Sağolsun, bütün telekanallar məni dəvət edir, amma Nanə xanımı xüsusən çox istəyirəm. Deyir, sən o qədər düz, səmimi danışırsan ki, insanlar da ona görə səni sevir. Mən indi də düzünü deyəcəyəm, sponsor heç vaxt təmənnasız nəsə etmir. Sponsor o halda edər ki, pul qoyub, daha çoxunu götürəcək. Sponsor şərt qoyur ki, sənə bunları edəcəm, sən də mənə bunları etməlisən. Mənə elə sponsor lazım deyil. Heç kimin köləsi və ya robotu deyiləm. Kiminsə “otur-dur” deməsi ilə yaşamaq mənlik deyil. Sponsor söhbəti ümumiyyətlə mənə çatmır. Sponsor ola bilər gəlib deyər ki, “Ulya mən sənin xətrini çox istəyirəm, heç nə də istəmirəm, götür bu pulu işlərini gör”, hə, bu başqa məsələdir, amma imkanlı kimsə həyatımda olsun, mən bunu gizlədim, gizli-gizli evlər, maşınlar alım, yeni mahnılar çıxarım filan yox. Əgər belə bir şey olarsa. Onda mən özüm çıxıb deyəcəyəm ki, bəli, mənim həyatımda bir insan var, onunla ailə kimiyəm, xoşbəxtəm və onun mənə dəstəyi var, vəssalam! Yoxsa, ay Həci tapdım, filankəsi tapdım, belə söhbətlər nə mənim ailəmə, nə də özümə yaraşan şeylər deyil.

- Bildiyiniz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdi. Bu mövzu sənət adamlarını da iki yerə böldü. Bəziləri Mədəniyyət Nazirliyini və naziri müdafiə etsə də, bəziləri nazirliyi sərt tənqid etdi, hətta fəxri adların pulla satıldığını iddia etdi, bununla bağlı sizin fikirlərinizi də öyrənmək maraqlı olardı…

- Mən o məsələ ilə bağlı ətraflı fikir bildirə bilməyəcəyəm, çünki görməmişəm, bilmirəm. Bilmədiyim şeyi danışa bilmərəm. Mənim atamın bütün fəxri adları olub, xalqın sevimlisi olub. Mən düşünürəm ki, hamıya layiqli ad verilib, məsləhət biliblər ki, veriblər. Mən onların işlərinə qarışa bilmərəm. Allahın izni ilə vaxt gələr mən də əməkdar artist fəxri adını alaram. Fikrimcə, o adı mənə verərlər. Mən də ada layiq olub, o adı alacağam, İnşallah.

Əsmətxanım






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930