sheffaf.az
sheffaf.az

Trampın planı Yaxın Şərqə sülh gətirəcəkmi? - TƏHLİL

24-01-2020, 18:14

Trampın planı Yaxın Şərqə sülh gətirəcəkmi? - TƏHLİL

ABŞ prezidentinin təklif etdiyi “Əsrin Planı”nda nələr var? ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə yeni “Yaxın Şərqə sülh planını” açıqlayacağını bəyan edib.

BBC-nin məlumatına görə, ABŞ prezidenti “əla plan” adlandırdığı planın fələstinlilər üçün də yaxşı olacağını, zamanla bunu hiss edəcəklərini yazıb.

Donald Tramp yanvarın 28-də İsrail Baş naziri Benyamin Netanyahu və onun əsas rəqibi, “Ağ-mavi” blokun lideri, keçmiş baş qərargah rəisi Benni Qantzı Ağ Evə dəvət edib. Ehtimal olunur ki, ABŞ prezidenti “əsrin planı” adı verilən sənədi məhz israilli liderlərlə görüş zamanı açıqlayacaq.

Donald Tramp prezident seçildikdən sonra İsrail-Fələstin münaqişəsinin həlli sözünü verib və bundan az sonra ABŞ prezidentinin baş məsləhətçisi və kürəkəni, yəhudi əsilli Cared Kuşnerin Ərəb-İsrail sülh planı, ya da başqa adla “əsrin planı” adlandırılan sülh planı hazırladığı məlum olub.

Lakin ötən il açıqlanacağı gözlənilən plan əvvəlcə İsraildəki seçkilərə görə təxirə salınıb və daha sonra iki seçki nəticəsiz qaldığı üçün plan açıqlanmayıb. Plan hələlik açıqlanmasa da, ABŞ və ərəb mediası onunla bağlı çoxlu sayda məlumatlar yayıb.

Kuşner özü isə Yaxın Şərqə səfər edib, hətta ərəb ölkələrində planının iqtisadi tərəfləri ilə bağlı seminar verib. Yeri gəlmişkən, İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün Bakıda keçirdiyi mətbuat konfransında Kuşnerin planı haqqında danışıb.

Səfir bildirib ki, onlar bu planın uğuruna inanırlar. Sitat: “Necə ki ABŞ bunu daha əvvəl Misirdə, İordaniyada edib. Biz amerikalı dostlarımıza inanırıq. Onlar, həqiqətən də, regionda davamlı və həqiqi sülhün əldə olunmasında maraqlıdırlar. Biz hamımız Tramp administrasiyasının addımını diqqətlə izləyirik. Əgər deyilənlər doğrudursa, mən inanıram ki, Trampın irəli sürəcəyi hər hansı təşəbbüs İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinə töhfə verəcək”.

Bəs Kuşnerin “planı” nədən ibarətdir? Bu planın işə salınması regionda, konkret olaraq Fələstində nələri dəyişəcək?

Əvvəlcə onu qeyd etmək lazımdır ki, bu plan hələlik rəsmən açıqlanmayıb. ABŞ prezidenti özü də mediada yayılan məlumatlardan fərqli bir plan olduğunu bildirib. Lakin bu günə qədər olan və ciddi mənbələrə istinad edilən yazılarda plan haqqında bir sıra məlumatlar paylaşılıb. Şərti olaraq Cared Kuşnerin adı ilə “Kuşner planı” və ya “Əsrin planı” adlandırılan plan İsrail və Fələstin arasında münaqişəni tamamilə aradan qaldırmağa yönəlmiş 50-60 səhifədən ibarət sənəddir.

“Sülh planı” Fələstin iqtisadiyyatı və qaçqınlara ev sahibliyi edən Misir, İordaniya və Livana 40, bəzi mənbələrdə 50 milyard dollar dəyərində maddi yardım vəd edir. ABŞ mediasının yazdığına görə, plana əsasən, qarşıdakı 10 il ərzində İordan çayının qərb sahili ərazilərinə 25 milyard, Misir, İordaniya və Livana isə ümumilikdə 40 milyardlıq sərmayə qoyula bilər. Sənədin siyasi anlaşma bölümündə İsrail dövləti ilə Fələstin Azadlıq Təşkilatı (FAT) və Qəzzaya nəzarət edən Həmas arasında üçtərəfli anlaşma imzalanması nəzərdə tutulur.

Buna əsasən, İordan çayının qərb sahilindəki yəhudi yaşayış məskənləri istisna olmaqla, hazırda Fələstin administrasiyasının nəzarətində olan ərazilərdə və Qəzzada “Yeni Fələstin” dövləti elan ediləcək.

Planın ikinci iqtisadi bölümündə qeyd olunur ki, yəhudi yaşayış məskənləri İsrailin əlində qalacaq, eyni zamanda, bu əraziləri İsrailə bağlayan yollar və yaşayış məskənlərinin əraziləri daha da genişlənəcək.

Qüds şəhəri Fələstin və İsrail arasında bölünməyəcək, ancaq hər iki dövlətin paytaxtı elan olunacaq. Qüdsün ərəb sakinləri isə yeni Fələstin dövlətinin vətəndaşları olacaq. Qüds bələdiyyəsi İsrail dövlətinin nəzarətində olacaq. Yalnız təhsil sahəsi istisna olmaqla, bütün sahələrə Qüds bələdiyyəsi, yəni İsrail dövləti nəzarət edəcək.

Fələstin dövləti isə su xərcləri və vergi ödəyəcək. Bundan başqa, ərəblərin yəhudilərdən, yəhudilərin ərəblərdən ev alması qadağan ediləcək. Eyni zamanda, Qüdsə yeni yaşayış məskənləri əlavə edilməyəcək və müqəddəs məkanlarının bugünkü statusları davam edəcək.

Yeni planda Qəzza zolağına da yer ayrılıb. Qəzza üçün hava limanı, fabrik-zavod və eləcə də, ticarət və kənd təsərrüfatı üçün Misirdən Qəzza ilə sərhəd bölgədə torpaq icarəyə götürüləcək. Bu ərazilərdə fələstinlilərin məskunlaşması qadağan ediləcək.

İcarəyə götürülən torpaqlara görə ödənişlər də vasitəçi ölkələrlə Misir və Fələstin arasında razılaşdırılacaq. Yeni Fələstin dövləti layihəsini dəstəkləyən və maliyyələşməsinə yardım edəcək ölkələr ABŞ, AB və neft ixrac edən körfəz ərəb ölkələri olacaq.

Donor ölkələr beş il ərzində Fələstindəki milli infrastruktur layihələri üçün 25 milyard dollar dəyərində yardım ayıracaq. Ancaq bu büdcəyə yəhudi yaşayış məskənlərinin genişlənməsi xərcləri də daxil ediləcək.

Ümumi məbləğin 20 faizini ABŞ, 10 faizini Avropa Birliyi, 70 faizini isə ərəb ölkələri ödəyəcək. Bu məbləğ ərəb ölkələrinin neft gəlirlərinə görə bölünəcək. Kuşnerin planına əsasən, Yeni Fələstin dövlətinin ordusu olmayacaq.

Asayişi və təhlükəsizliyi yüngül silahlarla silahlanmış polis təmin edəcək. İsrail və Fələstin arasında xarici müdaxilə olacağı təqdirdə İsrailin Fələstini müdafiə etməsi ilə bağlı anlaşma imzalanacaq. Bunun əvəzində Fələstin İsrailə vəsait ödəyəcək.

Plana əsasən, Fələstindəki silahlı qrupları, o cümlədən, Həmas, İslami Cihad kimi qruplar üstlərində gəzdirdikləri şəxsi silahlar da daxil olmaqla, bütün silahları təhvil verəcək. Həmas üzvləri və rəhbərlikdə təmsil olunan şəxslər yeni hökumət qurulana qədər dəstəkçi ölkələrdən maaş almağa davam edəcəklər.

Qəzza zolağının sərhədləri İordan çayının qərb sahilində olduğu kimi, gediş-gəliş üçün açıq olacaq. Anlaşmadan sonrakı bir il ərzində yeni Fələstin hökumətinin müəyyən olunması üçün bütün fələstinlilərin namizəd ola biləcəyi azad və ədalətli seçkilər keçiriləcək.

İsrail həbsxanalarında saxlanılan bütün fələstinli məhkumlar seçkilər və hökumətin qurulmasından bir il sonra başlamaqla, üç il ərzində azad ediləcək.

Plana əsasən, Yeni Fələstin dövlətində bir dəniz və bir hava limanı inşa ediləcək. O zamana qədər fələstinlilər İsrail hava və dəniz limanlarından istifadə edəcək. İsrail və Yeni Fələstin arasındakı sərhədlər dost ölkələrdə olduğu kimi, vətəndaşların və malların keçidi üçün açıq olacaq.

Bundan başqa, Qəzza zolağı və Ramallah, yəni İordan çayının qərb sahili bölgəsini birləşdirəcək yerdən 30 metr yüksəklikdə yol inşa ediləcək. Bu magistralın inşasında Çin 50, Yaponiya, Cənubi Koreya, Avstraliya, ABŞ və AB isə hər biri 10 faizlik pay olmaqla dəstək verəcək.

Planın işləmə mexanizmi də müəyyən olunub. Sənədə əsasən, Fələstin tərəfi, yəni Həmas və ya FAT bu planı qəbul etməzsə, ABŞ Fələstinə ayrılan maliyyə yardımını dayandıracaq. Eyni zamanda, digər ölkələrin də Fələstinə yardım etməsinə mane olacaq. Və yaxud da FAT qəbul edərsə, ancaq Həmas və ya İslami Cihad anlaşmanı rədd edərsə, o zaman bu iki təşkilatın liderləri cavabdeh hesab olunacaq.

Bu halda İsrail və Qəzza arasında növbəti savaşda ABŞ İsrailin bu qrupları hədəfə almasını dəstəkləyəcək. Əgər İsrail bu anlaşmanı rədd edərsə, o zaman ABŞ İsrailə maliyyə yardımını dayandıracaq. Ancaq artıq Fələstin tərəfi bu plana etiraz edir. Fələstin administrasiyasının lideri Mahmud Abbas deyib ki, fələstinli qaçqınların geri dönməsi onların “müqəddəs haqqıdır”.

Mahmud Abbas yalnız qaçqın məsələsinin ədalətli həllinin münaqişənin həllinə kömək edəcəyini deyib. Administrasiya lideri deyib ki, Fələstin xalqı beynəlxalq birlik tərəfindən tanınan haqlarından imtina etməyəcək.

Lakin bu plana qarşı çıxmaq o qədər də asan olmayacaq. Çünki qarşı çıxacağı təqdirdə Mahmud Abbası ABŞ, Avropa ölkələri və ərəb dövlətlərinin ciddi təzyiqləri gözləyə bilər. Artıq Ramallah administrasiyasına maddi yardımların bir qismi kəsilib.

Üstəlik, daha əvvəl Fələstin məsələsindən siyasi alət kimi istifadə edən ərəb varlı ərəb dövlətləri İsraillə barışığa daha həvəslidirlər. Bu mənada, imtina Fələstin hakimiyyəti üçün baha başa gələ bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829