sheffaf.az
sheffaf.az

Rusiyalı ekspertlərdən separatçılara sərt təpgi

10-09-2019, 17:08

Rusiyalı ekspertlərdən separatçılara sərt təpgi

İşğal altında olan Azərbaycan torpaqlarında növbəti qondarma seçki şousu düzənlənib. Tanınmamış qurumda keçirilən "bələdiyyə seçkiləri” hər dəfə olduğu kimi, bu dəfə də əksər beynəlxalq qurum və təşkilatlar tərəfindən pislənildi. Qondarma "mer” seçkilərini əksəriyyət gələn il keçiriləcək "prezident” və "parlament” seçkilərinə hazırlıq kimi qələmə verir. İddia olunur ki, bu saxta seçkilər "DQR”ın hansı qüvvələr tərəfindən idarə olunacağını göstərmiş olacaq. Sirr deyil ki, Ermənistanın yeni hakimiyyəti baş nazir Nikol Paşinyanın timsalında separatçılarla münasibətləri alınmadı. Ekspertlər bildirirlər ki, bu, təəccüblü deyil, uzun müddət Ermənistanı məhz Qarabağ klanı idarə edib. Onların ölkə siyasətinə güclü təsir imkanları olub. Nikol onlarla əvvəlcə razılığa gəlməyə çalışsa da, cavab gəlmədi. Elə o vaxtdan bəri mediada Yerevan və Qarabağ separatçılarının qarşılıqlı ittihamlarına rast gəlirik. Bu fonda Ermənistanda analitiklər Paşinyanın "Qarabağ klanını” tamamilə məhv etmək və Qarabağda öz adamlarını yerləşdirmək planını reallaşdırmağa çalışdığını bildirirlər. Xüsusilə də baş nazirin "seçkiləri” müşahidə etmək üçün "sorosçuları” cəlb etməsi diqqət çəkir. Hətta bu məqsədlə 70 min dollar ayırdığı da bildirilir.
"Seçkilər”dən söz düşmüşkən, qondarma qurumda keçirilən tamaşanı Azərbaycan XİN növbəti şou adlandırıb və əlavə edib ki, beynəlxalq ictimaiyyət bunu heç zaman tanımayacaq. Dünən ATƏT-in Minsk qrupunun həmsədrləri də sentyabrın 8-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində "yerli seçkilər”in keçirilməsinə münasibət bildiriblər. ATƏT-in Kommunikasiya və Media Əlaqələri Departamentindən "APA”ya daxil olan məlumatda bildirilir ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağ əhalisinin öz gələcəyi barədə qərar qəbul etmək rolunu tanıyır: "Lakin Dağlıq Qarabağ nə ATƏT-in Minsk qrupu ölkələri, nə də digər ölkələr tərəfindən müstəqil və suveren ölkə kimi tanınır. Bu "seçkilərin” nəticələrinə də Dağlıq Qarabağın hüquqi statusuna təsir edən amil kimi baxılmamalı, heç bir halda bu nəticələr Dağlıq Qarabağın yekun statusuna və münaqişənin davamlı və sülh yolu ilə həlli istiqamətinə yönəlmiş hazırkı danışıqların nəticələrinə xələl gətirməməlidir. ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə davamlı həllində tərəflərə kömək etməyə qətiyyətli şəkildə sadiq olaraq qalır". Rusiya ekspertləri də bu fikirlərlə razıdırlar.

"Moskva-Baku” portalına müsahibəsində Rusiya Siyasi tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bildirib ki, işğal altında olan ərazilərə Ermənistan tərəfindən tam nəzarət olunur və hamı da bunu gözəl anlayır. "Bu səbəbdən də Qarabağın beynəlxalq aləm tərəfindən tanınması, seçkilərdən söhbət belə getmir. Bununla belə, hətta Ermənistan heç zaman bəyan etməyib ki, Qarabağı bir dövlət kimi tanıyır. O zaman bu haqda danışmağına dəyməz. Əlbəttə, separatçılar istəyərdilər ki, hər şey başqa cür olsun – optimist olmaq istəyirlər və bu səbəbdən də deyirlər ki, seçkilər beynəlxalq tanıtıma gedən yoldur. Lakin "seçkiləri” müşahidə etmək üçün heç kim təşrif buyurmadı. Yalnız yerli təşkilatlar iştirak etdilər. Heç bir beynəlxalq təşkilat müşahidəçi kimi iştirak etmək istəmədi, çünki gözəl bilirlər ki, Qarabağın heç bir müstəqilliyi yoxdur, o zaman niyə biabır olsunlar ki? Çoxları da bilir ki, azərbaycanlılar Qarabağdan qovulub və bu ərazilər işğal olunub. Baxın, əgər Azərbaycan-Ermənistan münaqişəsini götürsək - burada da beynəlxalq ictimaiyyət Qarabağ separatçılarını qəbul etmir və onları danışıqlar stolu arxasına buraxmaq istəmir. Buna əsas da var - axı Qarabağ münaqişə tərəfi, danışıqlarda subyekt deyil və bütün bunlar da sənədlərdə əks olunub. Erməni və Azərbaycan icmaları var və sənədlərə görə maraqlı tərəf kimi çıxış edirlər”, - deyə Markov bildirib.
Ekspertin qənaətincə, Paşinyan sözsüz ki, Qarabağda öz adamlarını yerləşdirmək istəyir və bu ona Azərbaycanla razılaşmaya imkan verəcək. Onun sözlərinə görə, Paşinyan çətin durumdadır. "Torpaqları birdən-birə götürüb Azərbaycana qaytara bilməz. Biz 1999-cu il parlamentinin gülləbaran edilməsini yaddan çıxarmamışıq. Nikol Paşinyan münaqişənin nizamlanmasına çalışır, lakin bu addımın siyasi məsuliyyətini Qarabağla bölüşmək istəyir. Bu səbəbdən də Paşinyan istəyir ki, separatçı qurumda gələn il keçiriləcək seçkilərdə qondarma quruma məhz onun adamları rəhbərlik etsin. Əgər paşinyanyönümlü namizədlər Qarabağda qələbə qazansaydılar, onda bu Kazan formuluna gedən yol və ərazilərin azad olunması müqabilində Ermənistanın mühasirədən azad olunması mübadiləsi ola bilərdi. Əgər Qarabağın siyasi nümayəndələri belə bir qərarı müdafiə etsəydilər, onda Paşinyanı satqınlıqda ittiham etmək çətin olardı”, - deyə Markov bildirib. "Baxın, seçkilər ərəfəsində Paşinyan Yerevan və Qarabağ arasında dialoqda dissonansdan danışırdı. Baş nazir hesab edir ki, dissonansın aradan qaldırılmasında ən yaxşı metod - qarşıdan gələn "parlament” və "prezident” seçkilərini gözləməkdir. Paşinyan hesab edir ki, ictimaiyyət arasında razılıq var, siyasətdə isə yox. Belə bəyanatların məqsədi - birləşmə, islahatlar şüarları altında Qarabağ əhalisini birləşdirmək və bununla da onlar arasında Paşinyana simpatiya qazandırmaqdır. O zaman da Qarabağın adından Azərbaycana razılaşmanın imzalanmasına getmək olardı”, - deyə S.Markov fikrini tamamlayıb.

Öz növbəsində Rusiya beynəlxalq məsələlər üzrə Şuranın eksperti Aleksey Fenenko də hesab edir ki, Qarabağda beynəlxalq qurum tərəfindən tanınma istiqamətində nə qədər istəsələr danışa bilərlər, lakin hansısa bir real addımdan danışmağına dəyməz: "Bu, təmiz ritorikadır. Əvvəllər də Dağlıq Qarabağda seçkilər olub. Heç biri də separatçı rejimin hansı bir ölkə tərəfindən, hətta Ermənistan tərəfindən tanınmasına gətirib çıxarmayıb. Tanınma məsələsi sırf beynəlxalq güclərin mövqeyindən və onların strateji hesablamalarından asılıdır. Minsk qrupuna daxil olan həmsədr dövlətlərdən heç biri Qarabağı tanımır və Azərbaycanın ərazi bütövlüyünü tanıyır. QHT-lərə ayrılan pullar həqiqətən də "Qarabağ klanın”ın təmizlənməsinə gətirib çıxara bilər. Paşinyanın onlarla fikir ayrılığı var. Paşinyan ona sərf etməyən potensial siyasi qrupdan yaxa qurtarmaqda maraqlıdır. Baş nazir bildirir ki, Qarabağda islahatlar Ermənistanda gedən templə getməlidir. Lakin bağışlayın məni, hansı islahatdan, tempdən söhbət gedir? Paşinyanın dövründə nə edilib - heç nə”. //kaspi.az//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30