sheffaf.az
sheffaf.az

Xalqara Ana Dili Günü və rus məktəblərimiz

22-02-2021, 12:32

Xalqara Ana Dili Günü və rus məktəblərimiz
Azər HƏSRƏT, @azerhasret

Bu gün dünyada Xalqara Ana Dili Günü kimi qeyd edilir. 21 fevrala təsadüf edən bu günün tarixi Banqladeşə gedib çıxır. Lakin sözümüz bunda deyil. Belə bir gündə ana dilimizlə bağlı fəlakətli bir durumun olmasına diqqət çəkməkdir məqsədimiz.

Azərbaycanda 2009-cu ilin siyahıyaalmasına görə 120 min rus yaşayır. Mümkündür ki, bu rəqəm aradan keçən müddətdə artıb və ya azalıb. Lakin ümumi mənzərəni anlamaq üçün bu da yetərlidir. Bu sayda rusun yaşadığı Azərbaycanda 340-dan artıq məktəbdə tədris rus dilindədir. Və bu 340 məktəbdə 90 min şagird rus dilində dərs alır! Fəlakətdir, deyilmi?

İndi kimsə çıxıb deyəcək ki, rusların öz dillərində dərs almasından təbii nə ola bilər? Biz də deyirik ki, elədir, bu, onların haqqıdır. Azərbaycan da bir multikultural və tolerant dövlət olaraq o cümlədən ruslara öz ana dillərində məktəb oxumaq üçün şərait yaradıb. Düz də edib. Biz nəinki buna qarşı deyilik, əksinə, bunu alqışlayır və başqa dövlətlərin, lap elə Rusiyanın da bu örnəyi əsas almasını arzu edirik.

Bəs, fəlakət olan nədir? Fəlakət odur ki, anlayan da, anlamayan da uşağını rus məktəbində oxudur. Söhbət rus olmayan vətəndaşlarımızdan gedir. Bir baxırsan ki, özüylə-sözüylə türk balası türk gedib rus məktəbində oxuyur. Səbəb nədir? Sən demə, rus məktəblərində təhsil daha keyfiyyətliymiş! Yalandır!

Bu gün rus məktəblərində oxuyan 90 minin heç də hamısı rus balaları deyil. Heç rusbaşlıların balaları da deyil. Bunların arasında milli, hətta milliyyətçi deyə biləcəyimiz ata-anaların balaları da yetərincədir. Hər kəsə anlayışla yanaşırıq, amma bu milli kəsimə aid insanlarımızın öz balalarını yad dildə oxutmasını heç cür anlaya bilmirik!

Yaddan çıxmamış rəqəmlərə aydınlıq da gətirmək yerinə düşərdi. Əgər 120 min rus vətəndaşımız varsa, onların məktəbdə oxuyacaq uşaqlarının sayı ən yaxşı halda 35-40 min ola bilər. Yəni 90 min deyil. Belə anlaşılır ki, yerdə qalan 55-50 min rus olmayanların balalarıdır. Lap onların da arasından 3-5 mini əcnəbi, türk olmayan Azərbaycanlıların ayağına yazaq. Heç olmasa 45 min türk əsilli Azərbaycanlı öz balasını rus məktəbində oxudurmu? Oxudur!

Sual edirik: niyə? Səbəb doğrudanmı o məktəblərdə təhsilin daha üstün olmasıdır? Əsla belə deyil! Bir dəfə demişdik, yenə deyirik: qəbul imtahanlarında yüksək bal toplayanlar bir qayda olaraq milli məktəbləri bitirənlərdir!

Demək ki, hələ də milli özünüdərk yerində deyil. Demək ki, hələ də millətin ən öndə gedənlərinin arasında belə milli təəssübkeşlik və özünə dönüş problemi var. Demək ki, hələ də 200 ilə yaxındır rusların bizə yeridib beynimizə oturtduğu zərərli vərdişlərdən əl çəkə bilmirik!

Səbəb? Səbəb odur ki, insanımız düşüncəsiz hərəkət edir. Biz həmişə demişik, yenə də deyirik: hər hansı xarici dili, o cümlədən rus dilini öyrənməyə qarşı deyilik. İnsanımız nə qədər çox dil bilsə o qədər yaxşıdır. Lakin bunun üçün əl boyda çocuqları aparıb yabançı rus məktəblərində oxutmaq lazım deyil axı!

Müstəqilliyimizin 30-cu ilindəyik, özümüzə tam olaraq dönmüş olmağımız lazımdı. Amma heyhat!

Ruslardan narazıyıq. Qarabağ savaşımızda özünü yuyulmamış çömçə kimi araya dürtüşdürən rus sülhməramlılarını asıb-kəsirik. Rusiyanın qələbəmizi əlimizdən almaq üçün əlindən gələni etdiyini hamımız görürük. Amma hələ də uşağımızı rus məktəbində oxuduruq!

Bu beyinlə hara gedirik? Sonumuz nə olacaq? Rusdan qurtula bilərikmi belə yanaşmayla?

Qurtuluş yoxdur! Olmayacaq! Nə qədər ki, milli insanlarımız belə balalarını rus məktəblərində oxudur, bizim üçün qurtuluş olan deyil!

Lakin gec də deyil. Bundan sonra millətdən olanlar balalarını rus məktəblərinə yollamasınlar. Əgər kiminsə uşağı rus məktəbində oxuyursa, yolun yarısından da dönmək olar. Götürün uşaqlarınızı, milli məktəblərə keçirin. Ən yuxarı siniflərdə bu iş çətin ola bilər. Amma ən azı 8-ci sinfə qədər olanları milli məktəbə keçirməkdən çəkinməyin.

Hazırda uşaqları rus məktəbində oxuyanlar onları milli məktəbə keçirməklə həm də qələbəmizə ortaqlıq etmək istəyən Rusiyaya ismarıc vermiş olacaq. Azərbaycanın bütün bəlalarının başında bir tərəfdə fars, digər tərəfdə rus olub həmişə. İndi biz niyə hələ də bu rusun məktəbini gözümüz üstündə tuturuq?

Yeri gəlmişkən, bu gün Xalqara Ana Dili Günüdür. Baxın, Rusiyada rus olmayanların ana diliylə bağlı durum necədir? Hər şey bir yana, Azərbaycan dilinin durumu necədir Rusiyada? 3 milyon Azərbaycanlının yaşadığı Rusiyada neçə Azərbaycan məktəbi var, bir öyrənin! Heç uzağa getmirik, burnumuzun ucundakı Dərbənddə Azərbaycan dilində vur-tut bir qəzet çıxır. Onun adını belə Azərbaycan dilinin rəsmi əlifbasında yazmağa qoymur Rusiya! Bizsə Rusiya üçün 340 məktəb təşkil etmişik ölkəmizdə. Özü də pulunu dövlətimiz ödəyir!

Etməyək! Ayılaq bir az! Milli təəssübkeşliyimiz olsun! Bəsdir rusun qarşısında özümüzü və dövlətimizi bu qədər əzdirdik!

Unutmayaq, Rusiyadan bizə həmişə bəla gəlib, bəla! Elə yeri gəlmişkən, fevralın 26-da Xocalı soyqırımının 29-cu ili tamam olur. Kim etdi bu soyqırımı bizə qarşı? Ermənilər və ruslar! Birlikdə etdilər! Xocalıya görə ermənilər nə qədər məsuldursa, ruslar da o qədər məsuldur! Heç kim bunun əksini sübut edə bilməz!

İndi bizə Xocalını, ona qədər 20 Yanvarı, ondan öncə də minlərlə bənzər faciələri yaşatmış Rusiya üçün dövlət hesabına məktəb saxlamağımıza nə ad verək? Hələ milli dediyimiz kəsimin belə uşaqlarını işğalçı rus məktəblərində oxutmasını necə anlayaq? Etməyin bunu, millət, etməyin! Özünüzə, millətə hörmətiniz varsa, özünüzü az da olsa dərk edirsinizsə, uşaqlarınızı milli məktəblərdə oxudun!

Sonda: Öz milli kimliyinə sahib çıxan, buna ləyaqət və şərəf məsələsi kimi baxan hər kəsin 21 Fevral Xalqara Ana Dili Günü qutlu olsun!

Lap sonda: Milli və milliyyətçi kəsimdən olanların hələ də rus soyad sonluğundan imtina etməməsi isə tamam başqa və daha ağır bir dərddir…






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031